Ədalət tərəzisi nə vəzifə tanıyır, nə də zaman
Ədalət heç kimin şəxsi doğrularına, dünyagörüşünə, qərəzlərinə və ya düşüncələrinə sığdıra biləcəyi qədər dar bir anlayış deyil; xüsusilə də şəxsi ehtirasların, hesabların və iddiaların kölgəsində formalaşdırıla biləcək bir güc heç deyil. Ədalət insanın öz mənliyindən, mənafelərindən və hisslərindən sıyrılaraq həqiqətin qarşısında dura bilmək fəzilətidir.
Təəssüf ki, ədalətin nə qədər böyük məsuliyyət olduğunu dərk edə bilməyən, lakin bu ağır yükü daşıyacaq vəzifələrdə olan bəzi şəxslərin şəxsi düşüncələri, qəzəbi və ehtirasları ilə verdikləri qərarların yalnız başqalarının həyatında deyil, öz vicdanlarında da silinməz izlər buraxacağını xatırlatmaq istəyirəm.
Arzu edirəm ki, heç kim malik olduğu səlahiyyəti şəxsi hesablarının alətinə çevirərək verdiyi haqsız qərarların məsuliyyətindən qaça bilməsin; çünki ədalət tərəzisi nə vəzifə tanıyır, nə də zaman. İnsan bu dünyada etdiklərinin hesabını bəlkə bir müddət təxirə sala bilər, lakin həqiqətin və vicdanın qarşısında əbədi gizlənə bilməz.
Arzu edirəm ki, verdikləri hər haqsız qərarın hesabını əvvəlcə öz vicdanlarında, sonra isə həm bu dünyada, həm də axirətdə layiqincə versinlər.
Çünki ədalət insanın əlindəki səlahiyyət deyil, o səlahiyyətdən istifadə edərkən daşıdığı mənəvi məsuliyyətdir…
